Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, həzrət Ayətullah üzma Cəfər Sübhani yeni tədris ilinin ilk əxlaq dərsində Qum şəhərində yerləşən İmam Sadiq (ə) Universitetinin məscidində çıxış edib. O, İmam Səccadın (ə) Məkarimul-əxlaq duasının kamil insanın tərbiyəsindəki əhəmiyyətini izah edərək bu duanı İlahi mərifətin formalaşdırılması, gözəl əxlaqın inkişaf etdirilməsi, iman və yəqin mərtəbələrinin yüksəldilməsi baxımından dəyərli bir əsər kimi səciyyələndirib. Həzrət Ayətullah üzma Sübhani duanın ilk hissələrini şərh edərək həzrət Məhəmmədə (s) salavat göndərilməsinin əhəmiyyətini, yəqinin üç mərtəbəsini və təqvalı insanların xüsusiyyətlərini açıqlayıb.
Məkarimul-əxlaq duası arif insanın tərbiyəsi üçün bir proqramdır
Həzrət Ayətullah üzma Sübhani əlavə edib ki, Məkarimul-əxlaq duası Səhifeyi-Səccadiyyədə yer alan, insanın mənəvi və əxlaq tərbiyəsində mühüm rol oynayan dualardan biridir. Bu dua həmin kitabın iyirminci duasıdır. Onun sözlərinə görə, dua çoxsaylı və dəyərli maarifi özündə ehtiva edir. Əgər Allahın köməyi ilə bu məqamları izah etmək mümkün olarsa, onun zəngin mənəvi və maarif xəzinəsindən bəhrələnmək olar.
İmam Səccadın (ə) yaşadığı dövrün ictimai şəraitinə toxunan həzrət Ayətullah üzma Sübhani bildirib ki, İmam Əli ibn Hüseyn (ə) Əhli-beytin (ə) cəmiyyət arasında, hətta müxaliflərinin nəzərində belə, xüsusi mövqeyə malik olduğu bir dövrdə yaşayıb. Buna səbəb İmam Hüseynin (ə) şəhadətinin insanların Əməvilərə və onların hakimiyyətinə münasibətinə son dərəcə mənfi təsir göstərməsi idi. İnsanlar düşünürdülər ki, bu hakimiyyətlər düzgün insanlıq və əxlaq yolundan nə dərəcədə uzaqlaşıblar ki, peyğəmbər balasını belə amansızlıqla şəhid edir, şəhidlərin başlarını bədənlərindən ayırır və qadınları əsir götürürlər.
Ayətullah üzma Sübhani əlavə edib ki, baş verən hadisələr İslam cəmiyyətinin Əməvi hakimiyyətinə münasibətinə mənfi təsir göstərmişdi. Əslində, insanlar Əhli-beytə (ə) daha çox meyil göstərməyə başlamış, onların ictimai mövqeyi əvvəlkindən daha artıq diqqət mərkəzində olmuşdu. Əhli-beyt (ə) əvvəldən İlahi məqama sahib olsa da Aşura hadisəsindən sonra cəmiyyətin onlara rəğbəti daha da artmışdı.

İmam Səccadın (ə) Aşura hadisəsindən sonra cəmiyyətdə olan mövqeyi
Həzrət Ayətullah Cəfər üzma Sübhani İmam Səccadın (ə) yaşadığı dövrdə cəmiyyətdə tutduğu mövqeyi izah etmək üçün Həcərül-əsvədlə (Kəbə evində yerləşən qara daş) bağlı hadisəyə toxunaraq bildirib ki, Əli ibn Hüseyn (ə) Həcərül-əsvədə əl sürtmək istədikdə, izdihamın çox olmasına baxmayaraq, insanlar ona yol açırdılar. Həmin vaxt Hişam ibn Əbdülməlik də orada dayanaraq Həcərül-əsvədə əl sürtmək üçün ona yol açılmasını gözləyirdi. Lakin insanlar ona yol vermirdilər. İmam Hüseyn (ə) oraya daxil olduqda isə insanlar kənara çəkildilər və o, Həcərül-əsvədə əl sürtə bildi.
Həzrət Ayətullah üzma Sübhani sözünə davam edərək qeyd edib ki, orada olanlar Hişamdan bu şəxsin kim olduğunu soruşdular. Hişam isə özünü bilməməzliyə vuraraq onu tanımadığını bildirdi. Həmin məclisdə iştirak edən Fərəzdəq İmam Hüseyni (ə) tanıtdırmaq məqsədilə onun məqamını dolğun şəkildə ifadə edən şeirlər söylədi. O, İmam Hüseyni (ə) belə vəsf edirdi:
هذا الَّذی تَعرِفُ البَطحاءُ وَطأَتَهُ
وَالبَیتُ یَعرِفُهُ وَالحِلُّ وَالحَرَمُ
Tərcüməsi:
Bu şəxs Məkkə torpağının tanıdığı, Kəbə evinin,
Hərəmin və Hərəmdən kənar ərazilərin də tanıdığı şəxsdir.
Beləliklə, Fərəzdəq bu şeirləri ilə Əli ibn Hüseynin (ə) cəmiyyətdə hamı tərəfindən tanınan yüksək mövqeyini vurğulayırdı.
Həzrət Ayətullah üzma Sübhani qeyd edib ki, Əməvi hakimiyyəti Süfyani qolundan, Yezid dövründən Mərvani qoluna keçdikdən və Əbdülməlik Mərvan hakimiyyətə gəldikdən sonra da Əli ibn Hüseyn (ə) insanlar arasında özünəməxsus mövqeyini qoruyub saxlayırdı. O, həmin şəraitdə imamət və cihad sahəsində fəaliyyətini davam etdirirdi.
İmam Səccadın (ə) duaları vasitəsilə dini maarifin yayılması
Həzrət Ayətullah üzma Sübhani İmam Səccadın (ə) mühüm fəaliyyətlərindən birinə toxunaraq bildirib ki, İmamın əsas fəaliyyətlərindən biri hazırladığı və şagirdlərinin ixtiyarına verdiyi dualar məcmuəsi idi. İmam bu duaları şagirdlərinə öyrədir, şagirdləri isə həmin maarifi cəmiyyətdə yayaraq insanlara təsir göstərirdilər. İmam, həmçinin bu vasitə ilə çatdırmaq istədiyi həqiqətləri bəyan edir və dini maarifin cəmiyyətdə yayılmasına nail olurdu.
O, əlavə edib ki, İmam Səccadın (ə) dualarının bir çoxunun əsas məqsədi arif insanın tərbiyəsidir. Burada arif dedikdə, yalnız müxtəlif qruplar arasında işlədilən terminoloji məna nəzərdə tutulmur. Məqsəd həqiqətən Allahı tanıyan, peyğəmbərləri dərk edən və bununla yanaşı, gözəl əxlaqa yiyələnən insandır. Bu kitabdakı bütün dualar məhz həmin məqsədə, yəni arif insanın tərbiyəsinə və sözün həqiqi mənasında kamil insanın yetişdirilməsinə xidmət edir.
Həzrət Ayətullah üzma Sübhani bildirib ki, İmam Səccadın (ə) həmin dövrdə həyata keçirdiyi bu fəaliyyət özü böyük bir xidmət idi. Bununla belə, imamın fəaliyyəti yalnız bu sahə ilə məhdudlaşmırdı və onun həyatında başqa mühüm tədbirlər də öz əksini tapırdı. İmam Səccad (ə) yoxsullara və ehtiyaclı insanlara yardım edir, insanların suallarını cavablandırır və digər mühüm xidmətlər göstərirdi. Onun həyatına dair mənbələrdə bu xidmətlər haqqında da məlumat verilib.
İmam Səccad (ə) müdrik və uzaqgörən bir şəxsiyyət idi
Həzrət Ayətullah üzma Sübhani İmam Səccadın (ə) şəxsiyyətinin düzgün tanınmasının vacibliyini vurğulayaraq bildirib ki, imamı gücsüz və zəif bir şəxsiyyət kimi təsəvvür etmək olmaz. Bəzi minbər xətibləri imam haqqında xəstə və qızdırmalı şəxs ifadəsindən istifadə edirlər. Lakin bu ifadə imamın zəif və gücsüz olduğu təsəvvürünü yaradacaq şəkildə işlədilərsə, düzgün hesab edilə bilməz.
İmam Səccad (ə) qüdrətli, yetkin, güc və dözüm sahibi olan bir şəxsiyyət idi. O, gecələr müəyyən miqdarda yeməyi çiyninə alaraq ehtiyaclı insanların evlərinə aparırdı. Belə bir işi gücsüz insanın yerinə yetirməsi mümkün deyil. Bu, imamın fiziki gücünü, xidmət ruhunu və ehtiyaclı insanlara yardım göstərməyə xüsusi diqqət yetirdiyini nümayiş etdirir. İmam bu işi elə şəkildə həyata keçirirdi ki, orada riyakarlığa və özünü nümayiş etdirməyə yer qalmasın.

Həzrət Ayətullah üzma Sübhani əlavə edib ki, Məkarimul-əxlaq duasını düzgün şəkildə bəyan və izah edə bilsək, Əli ibn Hüseynin (ə) əxlaqı və həyat tərzinin müəyyən məqamlarını dostlara və dinləyicilərə çatdıra, onları bu dəyərli maariflə tanış edə bilərik.
Məkarimul-əxlaq duası həzrət Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavatla başlayır
Həzrət Ayətullah üzma Sübhani çıxışının davamında Məkarimul-əxlaq duasının ilk ifadəsini bəyan edərək əsas mövzuya keçərək bildirib ki, duanın başlanğıcı belədir:
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیمِ
اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِهِ، وَبَلِّغْ بِإِیمَانِی أَکْمَلَ الْإِیمَانِ، وَاجْعَلْ یَقِینِی أَفْضَلَ الْیَقِینِ، وَانْتَهِ بِنِیَّتِی إِلَی أَحْسَنِ النِّیَّاتِ...
Tərcüməsi:
Bağışlayan və mehriban Allahın adı ilə
İlahi! Peyğəmbərin həzrət Məhəmmədə (s) və onun Əhli-beytinə salavat göndər. imanımı imanın ən kamil mərtəbəsinə çatdır, yəqinimi yəqinin ən üstün mərtəbəsi qərar ver və niyyətimi niyyətlərin ən yaxşısına yönəlt...
İmam Səccad (ə) duasına salavatla başlayır. Əslində, onun bütün duaları salavatla başlanır. Burada belə bir sual yaranır.
İmam nə üçün duasına salavatla başlayır?
Həzrət Ayətullah üzma Sübhani qeyd edib ki, rəvayətlərdə salavatın rədd edilməyən dua olduğu bildirilir. Çünki salavat Allahın qəbul etdiyi dualardandır. Hər kəs Allahım, Məhəmmədə və onun Əhli-beytinə salavat göndər dedikdə, Allah bu duanı qəbul edir.
Salavat: Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd.
O, vurğulayıb ki, salavat rədd olunmayan duadır və rəvayətlərdə də bu məqama xüsusi diqqət yetirilir. Bəs insan salavat göndərdikdən sonra öz istəyini Allahdan diləsə, nə baş verər?
Həzrət Ayətullah üzma Sübhani əlavə edib ki, rəvayətdə insanın duasına salavatla başlayıb, ardınca öz istəyini diləməsi barədə belə buyurulduğu nəql edilir: Allah buyurur ki, ilk duanı qəbul edib ikinci duanı rədd etmək düzgün olmaz. Çünki ilk duanı qəbul etmişəm və İlahi mərhəmət və rəhmət tələb edir ki, sonrakı dua da qəbul olunsun.
Beləliklə, duanın əvvəlində salavat göndərilməsi xüsusi əhəmiyyət daşıyır və Allahdan hacət diləmək üçün bir müqəddimə ola bilər. Çünki insan duasına rəvayətlərdə qəbul olunması vurğulanan bir zikrlə başlayır.
Həzrət Peyğəmbərə (s) salavat göndərilməsi ilə bağlı Qurani-Kərimdə işlədilən ifadələrin digər peyğəmbərlər haqqında işlədilən ifadələrdən fərqi
Həzrət Ayətullah üzma Sübhani həzrət Peyğəmbərə (s) salavat göndərilməsi ilə digər peyğəmbərlər haqqında işlədilən ifadələr arasındakı fərqə toxunaraq bildirib ki, bu məsələdə diqqət yetirilməli məqamlardan biri məhz həmin fərqdir. Qurani-Kərimdə oxuyuruq:
سَلَامٌ عَلَىٰ إِبْرَاهِيمَ
İbrahimə salam olsun.
سَلَامٌ عَلَىٰ مُوسَىٰ وَهَارُونَ
Musa və Haruna salam olsun.
سَلَامٌ عَلَىٰ إِلْ يَاسِينَ
İlyasın nəslinə salam olsun.
Lakin söhbət Həzrət Peyğəmbərdən (s) getdikdə, məsələ digər peyğəmbərlərdən fərqlənir. Allah-Taala buyurur:
إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd deyin!)
O, əlavə edib ki, bu ayədə Allah-Taala özünün və mələklərinin peyğəmbərə salavat göndərməsindən bəhs edir. Ayənin davamında isə möminləri də ona salavat göndərməyə dəvət edir. Beləliklə, həzrət Peyğəmbərə (s) salavat göndərilməsi digər peyğəmbərlər haqqında işlədilən ifadələrdən fərqlənir. Digər peyğəmbərlər barəsində İbrahimə salam olsun kimi ifadələr işlədildiyi halda, həzrət Peyğəmbər (s) haqqında Allah-Taala özünün və mələklərinin ona salavat göndərdiyini bildirir, insanları da bu İlahi əmrə tabe olmağa çağırır. Bu məqam həzrət Peyğəmbərin (s) xüsusi mövqeyini və bu baxımdan digər peyğəmbərlərdən fərqli məqamını göstərir.
Həzrət Peyğəmbərin (s) öyrətdiyi salavat formasına riayət edilməsinin vacibliyi
Həzrət Ayətullah üzma Sübhani həzrət Peyğəmbərin (s) vəfatından sonra salavatın deyiliş formasında baş vermiş dəyişikliklərə toxunaraq bildirib ki, təəssüf ki, Peyğəmbərin (s) vəfatından sonra Əməvilər, Mərvanilər və Abbasilər salavatın deyiliş formasına müdaxilə etmiş, onun ifadə tərzində dəyişikliklər aparmışlar. Həzrət Peyğəmbərin (s) öyrətdiyi salavat forması Səhih Buxaridə və Səhih Müslimdə də nəql olunub.
O, sözünə davam edərək bildirib ki, həmin rəvayətlərdə insanların həzrət Peyğəmbərdən (s) belə soruşduqları qeyd olunur:
يَا رَسُولَ اللَّهِ، كَيْفَ نُصَلِّي عَلَيْكَ؟
Ey Allahın Rəsulu, Sizə necə salavat göndərək?
Həzrət Peyğəmbər (s) cavabında salavatın qaydasını belə öyrədib:
اللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَىٰ إِبْرَاهِيمَ وَآلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ.
Allahummə salli əla Muhəmməd və ali Muhəmməd, Kəmə salləytu əla İbrahimə və ali İbrahim, İnnəkə həmidun məcid.
Tərcüməsi:
İlahi! İbrahimə və onun ailəsinə salavat göndərdiyin kimi, Məhəmməd və onun Əhli-beytinə də salavat göndər. Həqiqətən, sən həmdə layiq və izzət sahibisən.
Həzrət Ayətullah üzma Sübhani qeyd edib ki, bu ifadə Səhih Buxaridə nəql olunub. Həmin rəvayətə əsasən, həzrət Peyğəmbər (s) salavatın deyiliş qaydasını öyrədərkən öz Əhli-beytinin adını və məqamını da qeyd edib. Buna görə də Məhəmməd (s) və onun Əhli-beytinə salavat göndərilməsi Peyğəmbərin (s) özündən nəql olunan rəvayətə əsasəndir.
Həzrət Ayətullah üzma Sübhani bildirib ki, əhli-sünnə kitablarında bir çox hallarda صلى الله عليه وآله ifadəsinə rast gəlinmir. Misirdə və digər bölgələrdə nəşr olunan kitablarda, əsasən, صلى الله عليه وسلم ifadəsi işlədilir. Hətta bəzi hallarda Əhli-beytin (ə) adı çəkildikdə, səhabələrin adları da həmin ifadəyə əlavə olunur. Məsələn, اللهم صل على محمد وآل محمد وأصحابه və ya وعلی آله واصحابه ifadələri işlədilir. Beləliklə, Əhli-beyt və səhabələr eyni ifadə daxilində yanaşı qeyd olunur.
Həzrət Ayətullah üzma Sübhani daha sonra əhli-sünnə alimlərindən biri ilə apardığı söhbətə toxunaraq bildirib ki, Qətərdə Hacı Şeyx Əli Qərədaği adlı, yüksək elmi məqama malik bir fəqih fəaliyyət göstərir və o, həmin alimlə məktublaşıb.
Onun sözlərinə görə, həmin şəxs İranla ABŞ arasında müharibə zamanı əlli Əhli-sünnə alimi ilə birlikdə ABŞ-yə qarşı cihad fətvası verən şəxslərdən biridir. Bu da onun elmi və dini mövqeyə malik olduğunu göstərir.
Həzrət Ayətullah üzma Sübhani qeyd edib ki, Qərədaği soyadlı şəxslərə həm Azərbaycan Respublikasında, həm də İraqda rast gəlinir. Lakin onun nəzərdə tutduğu şəxs İraqdandır. O, həmin alimə də məktub yazaraq bidətlərlə mübarizə aparmağın vacibliyini vurğulayıb. Burada nəzərdə tutulan bidət ondan ibarətdir ki, həzrət Peyğəmbər (s) insanların salavatın qaydası ilə bağlı "Keyfə nusalli ələykə?" (Yəni, necə salavat göndərək) sualına cavaba olaraq,
Allahummə salli əla Muhəmməd və ali Muhəmməd, Kəmə salləytu əla İbrahimə və ali İbrahim, İnnəkə həmidun məcid ifadəsini öyrədib. Lakin həmidun məcid bəzi kitablarda və mətnlərdə bu ifadə başqa formada nəql edilir və ya Əhli-beytin adı səhabələrin adları ilə yanaşı qeyd olunur.
O, sözünə davam edərək bildirib ki, həmin alim cavab məktubunda onun fikrinin doğru olduğunu vurğulayıb. Məktubda qeyd olunub ki, həzrət Peyğəmbərdən (s) salavatın məhz onun göstərdiyi formada nəql edildiyini təsdiqləyən iki səhih rəvayət mövcuddur. Buna görə də bu bidətlərlə tədricən mübarizə aparmaq və həzrət Peyğəmbərin (s) öyrətdiyi salavat formasını dirçəltmək lazımdır.
Həzrət Ayətullah üzma Sübhani əlavə edib ki, bu məsələ mühüm əhəmiyyətə və yüksək məqama malikdir. İnşallah, dua və salavat vasitəsilə haqqı bəyan edəcəyik. Əli ibn Hüseynin (ə) bütün duaları, o cümlədən Məkarimul-əxlaq və Mərziyyul-əfal duaları salavatla başlayır.
İmanımı imanın ən kamil mərtəbəsinə çatdır
Həzrət Ayətullah üzma Sübhani çıxışının davamında Məkarimul-əxlaq duasının növbəti hissəsinə toxunaraq bildirib ki, İmam Səccad (ə) salavatdan sonra duasını belə davam etdirir:
اللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَبَلِّغْ بِإِيمَانِي أَكْمَلَ الْإِيمَانِ.
Allahummə salli əla Muhəmməd və ali Muhəmməd və bəlliğ bi iməni əkmələl iməni.
Tərcüməsi:
İlahi, Məhəmmədə və onun Əhli-beytinə salavat göndər və imanımı imanın ən kamil mərtəbəsinə çatdır.
Beləliklə, İmam Səccadın (ə) bu duada Allahdan ilk istəyi imanının kamillik mərtəbəsinə çatdırılmasıdır.
Həzrət Ayətullah üzma Sübhani vurğulayıb ki, bu ifadədən imanın müxtəlif dərəcə və mərtəbələrinin olduğu, onun yalnız bir mərtəbə ilə məhdudlaşmadığı aydın olur. İmamın, "bəlliğ bi iməni əkmələl iməni" buyuruğu göstərir ki, iman bir mərtəbədən daha yüksək mərtəbəyə yüksələ bilər və insan imanını kamilləşdirmək yolunda irəliləməlidir.
Həzrət Ayətullah üzma Sübhani imanın mərtəbələrinə toxunaraq bildirib ki, adətən, belə deyilir:
اصول الاسلام ثلاثة، الإقرار بالله والإقرار بالرسول والإقرار بالمعاد.
Yəni İslamın üç əsası vardır. Bunlar Allahın varlığını və birliyini qəbul etmək, peyğəmbəri təsdiq etmək və axirətə inanmaqdır. Bu fikri qəbul edirik. Lakin bu, imanın ilkin mərtəbəsidir və iman yalnız bununla məhdudlaşmır. Daha yüksək mərhələdə isə vəlqiyamu biləmal, yəni əməlləri yerinə yetirmək də imana əlavə olunmalıdır. Əgər əməl imanla birləşməzsə, insanın imanı quru və naqis olar.
Həzrət Ayətullah üzma Sübhani sözünə davam edərək bildirib ki, bəzi rəvayətlərdə, o cümlədən "Uyunu əxbarur Rza" kitabında belə nəql olunur:
الْإِيمَانُ مَعْرِفَةٌ بِالْقَلْبِ، وَإِقْرَارٌ بِاللِّسَانِ، وَعَمَلٌ بِالْأَرْكَانِ.
İman qəlblə tanımaq, dillə iqrar etmək və bədən üzvləri ilə əməl etməkdən ibarətdir.
Bu rəvayət "Uyunu əxbarur Rza" kitabının birinci cildinin 136-cı səhifəsində nəql olunub. Deməli, insan qəlbi ilə tanıyıb dərk etməklə yanaşı, bunu dili ilə də təsdiq etməli və əməldə İslamın təlimlərinə bağlı qalmalıdır. İslamın əsaslarına uyğun əməl elə səviyyədə olmalıdır ki, insan öz gücünün və imkanlarının son həddinədək, hətta ən xırda məsələlərdə belə, dini göstərişlərə əməl etsin.
Həzrət Ayətullah üzma Sübhani çıxışının sonunda bildirib ki, İmam Səccad (ə) Allahdan imanını ən kamil mərtəbəyə çatdırmasını diləyərkən yalnız Allahı, peyğəmbəri və axirəti qəbul etməyi nəzərdə tutmur. Əksinə, iman qəlbi mərifətdə, dillə iqrar etməkdə və dinin əsaslarına uyğun əməl göstərməkdə kamilliyə çatmalıdır.

İman və saleh əməlin Qurani-Kərimdə qarşılıqlı əlaqəsi
Həzrət Ayətullah üzma Sübhani Qurani-Kərimdə iman və saleh əməlin vəhdətinə xüsusi diqqət yetirildiyini vurğulayaraq bildirib ki, Qurani-Kərim bu iki məfhum arasındakı qarşılıqlı əlaqəni önə çəkərək bir çox ayələrdə onları yanaşı qeyd edir:
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ
Yalnız iman gətirən və saleh əməllər edənlər istisnadır.
Qurani-Kərimin bu ifadəsinə əsasən, iman və saleh əməl bir-biri ilə sıx bağlı şəkildə təqdim olunur. İmanın ilkin mərtəbəsi mövcuddur, lakin insanın inkişaf və kamillik yolunda irəliləməsi üçün saleh əməl də imana əlavə olunmalıdır.
O, bu sualları da irəli sürüb: Bəs, bu qədər kifayətdirmi? İnsan Allaha, peyğəmbərə və axirətə iman gətirdiyini iqrar etsə və dinin göstərişlərinə əməl etsə, imanın ən yüksək dərəcəsinə çatmış sayılarmı? O, bu suala cavab olaraq bildirib ki, imanın başqa mərtəbələri də vardır və insan mərifət və yəqin yolunda irəliləyərək daha yüksək dərəcələrə çata bilər.
Yəqinin üç mərtəbəsi: Elmul-yəqin, eynul-yəqin və həqqul-yəqin
Həzrət Ayətullah üzma Sübhani imanın daha yüksək mərtəbələrini izah etmək üçün Təkasur surəsinin ayələrinə istinad edərək bildirib ki, bu mərtəbələri daha dərindən anlamaq üçün həmin surəyə müraciət etmək olar. Allah-Taala bu surədə buyurur:
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ، لَتَرَوُنَّ الْجَحِيمَ
Xeyr! Əgər siz (həqiqəti) yəqinliklə bilsəydiniz, həqiqətən, siz Cəhənnəmi görərdiniz.
Bu ayələr elmul-yəqin mərtəbəsinə işarə edir və yəqinin də müxtəlif mərtəbələrinin olduğunu göstərir. Deməli, iman yalnız dillə iqrar etməklə, yaxud həqiqətləri zahiri şəkildə tanımaq və zahiri əməlləri yerinə yetirməklə məhdudlaşmır. İnsan daha dərin mərifət və yəqinə çatmaq istiqamətində irəliləməlidir.
O, sözünə davam edərək bildirib ki, imanın ən kamil mərtəbəsi insanın elə bir yəqin dərəcəsinə çatmasıdır ki, bərzəx aləmindəki əzabın və Cəhənnəmin həqiqətini elə bu dünyada müşahidə edə bilsin. Burada məqsəd axirət Cəhənnəmini görmək deyil, bərzəx Cəhənnəmini müşahidə etməkdir. Beləliklə, İmam Səccadın (ə) imanın ən kamil mərtəbəyə çatdırılması ilə bağlı duası insanın imanını kamilləşdirmək yolunda irəliləməli, ilkin mərifət və iqrar mərhələsindən daha yüksək mərifət, yəqin və əməl dərəcələrinə yüksəlməli olduğunu ifadə edir.
Həzrət Ayətullah üzma Sübhani diqqətə çatdırıb ki, imanın ən kamil mərtəbəsi həqiqəti elə bir şəkildə dərk edən insanlara aiddir ki, onlar bəzən elə bu dünyadan Cəhənnəmin alovlarını və Cənnətin vəziyyətini müşahidə edə bilirlər. Bu da imanın mərtəbələrindən biridir, lakin yəqinin son mərtəbəsi hesab olunmur. Allah-Taala Qurani-Kərimdə buyurur:
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ
Xeyr! Əgər siz tam yəqinliklə bilsəydiniz...
لَتَرَوُنَّ الْجَحِيمَ
Mütləq Cəhənnəmi görərdiniz.
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ
Sonra siz onu (Cəhənnəmi) mütləq öz gözünüzlə görəcəksiniz!
Bu ayələr yəqinin müxtəlif mərtəbələrinə işarə edir. Alimlər, adətən, yəqinin üç mərtəbəsini fərqləndirirlər. Bunlar elmul-yəqin, eynul-yəqin və həqqul-yəqindir.
Həzrət Ayətullah üzma Sübhani əlavə edib ki, bu mərtəbələri od nümunəsi ilə izah etmək mümkündür. İnsan bəzən od haqqında eşidir və onun alov saçan, istilik yaradan bir şey olduğunu öyrənir. Bu mərhələdə insan eşitmək və məlumat əldə etmək vasitəsilə odun mövcudluğu haqqında elm qazanır. İkinci mərhələdə isə insan odu yaxından müşahidə edir. Bu mərtəbə eynul-yəqin adlanır. Yəni insan həqiqəti öz gözü ilə görür. Həqqul-yəqin isə daha yüksək mərtəbədir. Məsələn, insan əlini oda yaxınlaşdırır və onun istiliyini hiss edir. Bu halda o, odun həqiqətini yalnız eşitmək və ya görmək vasitəsilə deyil, birbaşa təcrübə yolu ilə dərk edir. Beləliklə, elmul-yəqin, eynul-yəqin və həqqul-yəqin idrak və yəqinin bir-birindən fərqli üç mərtəbəsidir.
Məkarimul-əxlaq duasında yəqinin ən üstün mərtəbəsinin istənilməsi
Həzrət Ayətullah üzma Sübhani Məkarimul-əxlaq duasının müvafiq hissələrinə qayıdaraq bildirib ki, İmam Səccad (ə) bu duada belə buyurur:
وَبَلِّغْ بِإِيمَانِي أَكْمَلَ الْإِيمَانِ، وَاجْعَلْ يَقِينِي أَفْضَلَ الْيَقِينِ.
İmanımı imanın ən kamil mərtəbəsinə çatdır və yəqinimi yəqinin ən üstün mərtəbəsinə yüksəlt.
Bu ifadədə İmam yalnız imanının artırılmasını istəməklə kifayətlənmir, həm də Allah-Taaladan yəqininin ən üstün mərtəbəyə çatdırılmasını diləyir.
O, vurğulayıb ki, insan iman və əməl yolunda elə bir müqəddəslik, təqva və gecə ibadəti mərtəbəsinə çatmalıdır ki, gözləri önündəki pərdələr çəkilsin və başqalarından gizli qalan həqiqətləri dərk edə bilsin. İnsan hətta elə bu dünyada bərzəx Cəhənnəmi ilə bağlı həqiqətləri müşahidə edə biləcək mərtəbəyə yüksəlməlidir.
İmam Əlinin (ə) təqvalıları təsvir etməsi: Onlar sanki Cənnəti və Cəhənnəmi görürlər
Həzrət Ayətullah üzma Sübhani Nəhcül-bəlağənin bir hissəsinə istinad edərək bildirib ki, bir kişi Əmirəl-möminin İmam Əlidən (ə) təqvalı insanların xüsusiyyətlərini təsvir etməsini xahiş edir. Həzrət onun cavabında təqvalıların xüsusiyyətlərini sadalayır və bu təsvirin bir hissəsində belə buyurur:
فَهُمْ وَالْجَنَّةُ كَمَنْ قَدْ رَآهَا فَهُمْ فِيهَا مُنَعَّمُونَ، وَهُمْ وَالنَّارُ كَمَنْ قَدْ رَآهَا فَهُمْ فِيهَا مُعَذَّبُونَ
Onlar Cənnətlə elə bir əlaqə və məlumata malikdirlər ki, sanki onu görür və orada nemətlərdən bəhrələnirlər. Cəhənnəmlə bağlı da elədirlər. Sanki onu görür və orada əzab çəkənlərin vəziyyətini müşahidə edirlər.
O, sözünə davam edərək bildirib ki, bu ifadə təqvalı insanların xüsusiyyətlərindən birinin yüksək iman və yəqin mərtəbəsinə malik olmaq olduğunu göstərir. Bu mərtəbədə qəflət pərdələri çəkilir və insan adi baxışdan gizli qalan həqiqətləri dərk edir. Adi şəraitdə insanlar bu həqiqətləri müşahidə edə bilmirlər. Çünki onların gözləri önündə müəyyən pərdələr vardır. Lakin bəzi insanlar nəfsi saflaşdırmaq və imanın mərtəbələrini keçmək sayəsində elə bir məqama çatırlar ki, bu pərdələr onların gözləri qarşısından götürülür.
İmam Sadiqin (ə) səhabələrindən biri haqqında rəvayət və yüksək arxayınlıq mərtəbəsi
Həzrət Ayətullah üzma Sübhani sözünün davamında İmam Sadiqin (ə) sadiq səhabələrindən biri haqqında rəvayətə toxunaraq bildirib ki, bu barədə rəvayətlərdən birində həmin səhabənin başına gələn hadisə nəql olunur. Rəvayətə görə, imamın hüzurunda bir təndir yanırmış. Həzrət İmam Sadiq (ə) böyük səhabələrindən birinə təndirə daxil olmağı əmr edib. Həmin şəxs heç bir tərəddüd etmədən ayağa qalxıb təndirə tərəf gedib və onun içində oturub. Buna baxmayaraq, ona heç bir zərər dəyməyib və o, yanmayıb. Bu hadisə insanı elə bir yəqin mərtəbəsinə çatdıran imanın nümunəsidir ki, həmin insanın davranışı adi və zahiri hesablamalardan fərqlənir.
Nəfsin saflaşdırılması və ləzzətlərdən çəkinmək: İmanın yüksəlməsinin zəmini
Həzrət Ayətullah üzma Sübhani yüksək yəqin mərtəbələrinə çatmağın çətinliyini vurğulayaraq bildirib ki, bu məqama yüksəlməyin asan olmadığını nəzərə almaq lazımdır. Bu məqam nəfsin saflaşdırılmasını, gecə ibadətini, çətinliklərə dözməyi, insanın öz iradəsi ilə müəyyən məhrumiyyətləri qəbul etməsini və bəzi ləzzətlərdən çəkinməsini tələb edir. İnsan daha yüksək iman və yəqin mərtəbələrinə çatmaq üçün nəfsani istəklərinin bir hissəsindən imtina etməlidir. Buna görə də Allah-Taaladan belə bir iman və yəqinin bizə bəxş edilməsini istəməliyik. Bu, yalnız iddia və zahiri iqrar səviyyəsində qalmayan, insanın qəlbinin dərinliklərinə nüfuz edən, onun davranışına və həyatına təsir göstərən iman olmalıdır.
Həzrət Ayətullah Sübhani daha sonra Əmirəl-mömininin (ə) kəlamlarında da qeyd olunan təqvalıların başqa bir xüsusiyyətinə toxunub. O, belə buyurub:
عَظُمَ الْخَالِقُ فِي أَنْفُسِهِمْ، فَصَغُرَ مَا دُونَهُ فِي أَعْيُنِهِمْ.
Yaradan onların qəlblərində ucalmış, Allahdan başqa hər şey isə onların gözündə kiçilmişdir.
O, bu ifadənin təqvalı insanların ən mühüm xüsusiyyətlərindən birinə işarə etdiyini bildirərək qeyd edib ki, Allah-Taalanın əzəməti onların qəlbində və ruhunda elə bir yer tutur ki, dünyəvi məsələlər, eləcə də güc və sərvət təzahürləri Allahın əzəməti qarşısında əvvəlki dəyərini və cazibəsini itirir. Əslində, təqvalı insan Allahı nəzərində uca tutan, ondan başqa hər şeyi isə kiçik görən insandır. Əmirəl-mömininin (ə) ifadəsi də məhz bu mənanı açıqlayır. Allah-Taala təqvalı insanların qəlbində və ruhunda əzəmət sahibidir və ondan başqa hər şey isə onların nəzərində kiçikdir.
Düşmən təhdidləri qarşısında mətinlik və müqavimət Allahın əzəmətinin təzahürüdür
Ayətullah üzma Sübhani çıxışının davamında Mərvanilər hakimiyyəti dövründə baş vermiş bir əhvalata toxunaraq bildirib: Həmin dövrdə Ziyad ibn Əbih Kufədə idi. O, İmam Əlinin (ə) səhabələrindən birini öldürmək məqsədilə yanına çağırdı. Həmin şəxs onun hüzuruna gətirildikdə dedi: Mövlam İmam Əli (ə) mənə xəbər verib ki, sən məni bu şəkildə öldürəcək, əl-ayağımı kəsəcək və dar ağacından asacaqsan. Ziyad ibn Əbih isə cavabında bütün bunları edəcəyini təsdiqlədi. Bu əhvalatın diqqətçəkən məqamı ondan ibarətdir ki, həmin şəxs hətta düşməninin qarşısında belə onu gözləyən aqibətdən çəkinmədən danışır və mövlasından eşitdiklərini dilə gətirirdi.
Ayətullah üzma Sübhani vurğulayıb ki, bu əhvalatı təqvalı insanların qəlbində Allahın əzəmətinin təcəlli etməsi mövzusu çərçivəsində nəzərdən keçirmək olar. Çünki Allahı böyük bilən insan dünya təhdidləri və düşmənlərin zahiri qüdrəti qarşısında qorxuya düşmür, sarsılmır və öz mətanətini itirmir.
Batini bəsirət və başqalarının malına icazəsiz əl uzatmaqdan çəkinmək | Ayətullah Hairinin həyatından bir əhvalat
Həzrət Ayətullah üzma Sübhani mərhum Ayətullah Hairi (r) haqqında nəql olunan bir əhvalata toxunaraq bildirib: Rəvayət olunur ki, bir dəfə Ayətullah Hairi bir bağa getmişdi. Bağdakı üzüm salxımlarını gördükdə üzüm yemək istəyi yaranmışdı. Bunu müşahidə edən bir nəfər qonşunun divarından keçərək bir qədər üzüm dərib onun qarşısına qoydu. Lakin mərhum Ayətullah Hairi həmin üzümlərdən bir dənə belə yemədi.
Bəs bu davranışın səbəbi nə idi? Bu əhvalatda onun belə davranması yəqin və batini bəsirət sahibi olması ilə izah edilir. Belə ki, o, üzümlərin başqasına məxsus olduğunu və bağ sahibinin icazəsi olmadan onları dərib yeməyin caiz olmadığını dərk etmişdi. Bizim baxışımıza görə, görünən yalnız bir neçə salxım üzümdür. Lakin o, zahiri görünüşlə kifayətlənmir, məsələnin batininə və həqiqətinə diqqət yetirirdi.
İlkin iman mərhələsindən yəqinin daha yüksək dərəcələrinə doğru davamlı irəliləyişin zəruriliyi
Ayətullah üzma Sübhani əxlaq dərsində irəli sürülən məsələləri ümumiləşdirərək bildirib: Buna görə də Allahdan diləməliyik ki, İmam Əli ibn Hüseynin (ə) Məkarimul-əxlaq duasında istədiyi kimi, bizim də imanımızı ən kamil mərtəbəyə çatdırsın və yəqinimizi ən üstün dərəcəyə yüksəltsin. İmam Səccad (ə) bu dua vasitəsilə bizə öyrədir ki, insan malik olduğu iman mərtəbəsi ilə kifayətlənməməlidir. Əksinə, daim inkişaf, mərifət, təqva və yəqin yolunda irəliləməli, mənəvi kamilliyə doğru hərəkətini davam etdirməlidir.
Xəbərin sonu

Rəyiniz